QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri və Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar səfər edib.
Səfər zamanı Ələsgər ŞKTR Prezidenti Tufan Ərhürman və Baş nazir Ünal Üstəllə keçirilən görüşlərdə iştirak edib. Prezidentlə görüşdə nümayəndə heyətinə TİMBİR sədri Süleyman Basa, baş nazirlə görüşdə isə sədrin birinci müavini Cüneyt Altıparmak rəhbərlik edib.
Tərəflər Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişafı, türk dünyasında media əməkdaşlığının artırılması, məlumat mübadiləsi və birgə layihələrin mümkünlüyünü müzakirə ediblər.
Aqil Ələsgər Tufan Ərhürmana və Ünal Üstələ Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri verib.
O, ŞKTR-in yaradılmasının 43-cü ildönümü və Cümhuriyyət Bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda da iştirak edib. Prezident Tufan Ərhürmanın ev sahibliyi etdiyi tədbirə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, ŞKTR Cümhuriyyət Məclisinin sədri Ziya Öztürklər, Baş nazir Ünal Üstəl və digər rəsmilər qatılıblar.
Səfər çərçivəsində Ələsgər Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından olan “Genç TV”nin rəhbəri Ərtan Birinci ilə də görüşüb. Müzakirələrdə “Yeni Çağ” Media Qrupu ilə telekanal arasında əməkdaşlığın genişləndirilməsi, ortaq yayımların hazırlanması, qarşılıqlı informasiya mübadiləsi və birgə media layihələri nəzərdən keçirilib.