QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan sərhədyanı çayların birgə istifadəsi və idarə olunması istiqamətində əməkdaşlıq edəcək, bu məqsədlə işçi qrupları formalaşdırılır.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə parlamentdə keçirilən hökumət saatında çıxış edərkən danışıb. O bildirib ki, sülh gündəliyi çərçivəsində iki ölkənin ərazisindən keçən və ya hər iki dövlətin ərazisində axan çayların idarə edilməsi üçün birgə fəaliyyətə ehtiyac var. Paşinyanın sözlərinə görə, əməkdaşlıq ümumi ekoloji standartlara əməl olunmasını tələb edir.
Baş nazir Ermənistanın İran və Türkiyə ilə su ehtiyatlarının idarə olunması sahəsindəki əməkdaşlığını nümunə göstərib.
Noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra yayılan rəsmi məlumatda tərəflərin sərhədyanı çayların idarə olunması üzrə işçi qruplarının yaradılmasını alqışladığı qeyd olunub.