QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Salyanda Yeni Azərbaycan Partiyasının 34 illiyinə həsr olunmuş konfrans təşkil edilib.

“Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın müstəqillik və tərəqqi tarixidir” mövzusunda keçirilən tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP-ın rayon təşkilatının sədri Elmar Əhmədov, partiyanın Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Mərkəzi Aparatın Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir öncəsi iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun xatirəsini ehtiramla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və torpaqların işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı açan Elmar Əhmədov YAP-ın yaradılmasını ölkənin taleyində mühüm yer tutan tarixi-siyasi hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi ilə qurulan partiya 34 il ərzində inkişaf edərək Azərbaycanın siyasi həyatında aparıcı mövqeyə yüksəlib. Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın məqsədlərinin həyata keçirildiyini, ölkənin inkişafı və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Rüstəm Xəlilov çıxışında YAP-ın ictimai-siyasi həyatda yerindən, dövlətçilik ənənələrinin qorunması və milli birliyin güclənməsindəki rolundan danışıb. O, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın əldə etdiyi nailiyyətləri, ərazi bütövlüyü və suverenliyin bərpasını vurğulayıb, uğurları xalq-iqtidar birliyi, sabitlik və ardıcıl dövlət siyasəti ilə əlaqələndirib.

Digər natiqlər də partiyanın yaranma tarixindən və inkişaf mərhələlərindən bəhs edərək, onun ölkənin ictimai-siyasi həyatındakı mövqeyini və fəaliyyət istiqamətlərini qeyd ediblər. Çıxışlarda YAP-ın Heydər Əliyevin siyasi irsi və dövlətçilik ideyaları əsasında formalaşdığı, milli dövlətçilik ənənələrinin, sabitliyin və birliyin qorunmasına töhfəsi vurğulanıb.

Konfrans zamanı partiya və rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup üzvə fəxri fərman verilib. YAP-a yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir 34-cü ildönümünə həsr edilmiş konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin və Uşaq İncəsənət Məktəbinin solistləri musiqi nömrələri ifa ediblər. Konfrans partiyanın himninin səsləndirilməsi ilə başa çatıb.