QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohan Vadeful noyabrın 17-də Azərbaycana səfəri çərçivəsində Avropa Yəhudilərinin Bakı dini icmasının sinaqoquna baş çəkib və dini konfessiyaların nümayəndələri ilə görüşüb.

Qonağa Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa əsasən ölkədə multikulturalizm və dinlərarası dialoq sahəsində toplanmış təcrübə, eləcə də müxtəlif dinlərin təmsilçiləri arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələri barədə məlumat verilib.

Vadeful sinaqoqda yaradılan şəraitlə tanış olub. Ona Azərbaycanda nəşr edilmiş Tövrat nüsxəsi təqdim edilib. Görüşdə bildirilib ki, yəhudi icması ölkənin müxtəlif bölgələrində məskunlaşıb və digər dinlərin nümayəndələri ilə dinc, qarşılıqlı hörmət şəraitində yaşayır.

Nazir Azərbaycandakı dövlət-din münasibətləri modelinin maraqlı olduğunu deyib. O, dinlər və məzhəblər arasında qarşılıqlı anlaşma və dini həmrəyliyin yüksək səviyyədə olmasını təqdir edib.

Dini icmaların təmsilçiləri ölkədəki tolerantlıqdan, dövlətin dini qurumlara göstərdiyi diqqət və qayğıdan danışıblar. Avropa Yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal icmanın Azərbaycanda azad və təhlükəsiz yaşadığını, antisemitizm halları ilə qarşılaşmadığını bildirib.

Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bütün dini konfessiyalara verilən dövlət dəstəyinin dinlərarası münasibətlərin inkişafına mühüm töhfə verdiyini söyləyib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi və Bakıdakı “Hacı Cavad” məscidinin imamı İbrahim Quliyev, həmçinin İlahiyyat məscidinin imam müavini Məzahir Məhərrəmov ölkənin tarixən müxtəlif dinlərin nümayəndələrinin dinc yaşadığı məkan olduğunu qeyd ediblər. Onların sözlərinə görə, tolerantlıq prinsipləri dövlət siyasətində əhəmiyyətli yer tutur.

Sefarad Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev icmaya münasibət, Azərbaycanda formalaşan harmoniya və yəhudi məktəbinin fəaliyyəti barədə danışıb.

Görüşdə Bundestaq deputatları da iştirak ediblər: Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədr müavini Daniel Kölbl və “Birlik 90/Yaşıllar” partiyasının daxili siyasət məsələləri üzrə sözçüsü Lamya Kaddor.

Almaniyanın Xarici İşlər Nazirliyi sosial media hesablarında sinaqoqda keçirilən görüşlə bağlı paylaşımlar edib.