QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Britaniyanın məşhur “Cambridge Dictionary” lüğəti 2026-cı ilin sözü olaraq “human” (“insan”) sözünü müəyyənləşdirib.
Seçimin süni intellektin sürətlə inkişaf etməsi və bu texnologiyanın insanların həyatına təsiri ətrafında artan narahatlıqlarla bağlı olduğu bildirilir. Lüğətin tərtibçiləri qeyd edirlər ki, zahirən adi görünən bu söz şəxsiyyətin, yaradıcılığın və fərdiliyin qorunması ilə bağlı qayğıları ifadə edir.
Alqoritmlərin daha çox işi idarə etdiyi şəraitdə insanla maşın arasındakı fərqlər də müzakirə olunur. Lüğətin leksikoqrafı Kolin Makintoşun sözlərinə görə, neyron şəbəkələrin tərəqqisi insanlıq anlayışına baxışı dəyişib. Zehni işlərin maşınlara ötürülməsi vacib bacarıqların itirilə biləcəyi qorxusunu artırıb və müxtəlif sahələrdə çalışanları süni intellektdən nə dərəcədə istifadə etdiklərini yenidən qiymətləndirməyə sövq edib.
“Cambridge Dictionary” “human” sözünü insanlara məxsus xüsusiyyətlərə, nöqsanlara və duyğulara sahib olmaq kimi açıqlayır. Bu məna insanı tanrılardan, heyvanlardan və maşınlardan ayıran cəhətləri əhatə edir.
İlin sözünün müəyyənləşdirilməsi zamanı süni intellekt üzrə tanınmış alimlərin mövqeləri də nəzərə alınıb. Onların sırasında Nobel mükafatı laureatı və sahənin öncüllərindən sayılan Cefri Hinton da yer alır. Hinton daha əvvəl insanların yadplanetli varlıqlara oxşayan sistemlər yaratdığını deyib və bu qarşıdurmada bəşəriyyətin tərəfində olduğunu vurğulayıb.
Son illərdə süni intellekt mövzusu dünyanın aparıcı lüğətlərinin ilin sözü seçimlərində diqqət çəkir. 2023-cü ildə “Collins” “AI” (“süni intellekt”), “Merriam-Webster” “authentic” (“həqiqi”), “Cambridge Dictionary” isə “hallucinate” (“hallüsinasiya yaratmaq”) sözünü seçmişdi.
Digər iri lüğətlər 2026-cı ilin noyabrında Z nəslinin gəncləri arasında yayılan jarqonlara üstünlük verib: “Collins” ilin sözü kimi “mogging”, “Dictionary.com” isə “maxxing” sözünü müəyyənləşdirib.