QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABB “İnsan kapitalı rəqəmlərdə: Azərbaycanda təhsil, elm və mədəniyyətin statistik mənzərəsi” adlı hesabatını təqdim edib. Bu mövzuda hazırlanan sənəd ilk belə araşdırmadır.
Hesabatda Dövlət Statistika Komitəsi, Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin məlumatları, yerli media materialları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNESCO və Dünya Bankının göstəriciləri, eləcə də akademik mənbələr əsasında ölkənin təhsil, elm və mədəniyyət sahələri araşdırılıb.
Sənəddə təhsil pillələri, ali təhsil və insan kapitalının formalaşması, təhsilə ayrılan vəsait, müəssisələrin institusional imkanları və coğrafi bölgüsü nəzərdən keçirilib. Həmçinin regionlar arasındakı fərqlər, elmi və kadr potensialı, Azərbaycanın təhsil sahəsində beynəlxalq göstəricilərdəki mövqeyi, mədəniyyət sektorunun əsas göstəriciləri və inkişaf meylləri təhlil edilib.
Hesabatda ölkədə həyata keçirilən təhsil islahatları ilə yanaşı, beynəlxalq təcrübənin yaratdığı inkişaf imkanlarına da qiymət verilib.
Araşdırmanın məqsədi təhsil, elm və mədəniyyətin insan kapitalının formalaşması və inkişafındakı rolunu, sahələr üzrə əsas meylləri, çətinlikləri, güclü cəhətləri və perspektivləri aydın, anlaşıqlı formada təqdim etməkdir. Nəticələrdə son illərdə görülən işlərin və islahatların ardıcıl davam etdirilməsinin vacibliyi vurğulanır. Eyni zamanda, gələcək mərhələdə kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyətə və regionlardakı imkanların artırılmasına diqqət ayrılması tövsiyə olunur. Bu yanaşmaların insan kapitalının uzunmüddətli və dayanıqlı inkişafına töhfə verə biləcəyi bildirilir.
ABB qeyd edib ki, maraqlı tərəflər üçün bu tip araşdırma-hesabatlar xarici bankların geniş istifadə etdiyi təcrübədir. Bankın məlumatına görə, Azərbaycanda bu yanaşmanı ilk tətbiq edən ABB olub və müxtəlif sahələrə dair hesabatlarını mütəmadi yayımlayır.