QafqazNews Manset.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlovun ambulansların hərəkəti ilə bağlı əmr imzaladığı barədə məlumat yayılıb. Həmin məlumatda avtomobillərin yolda olarkən sayrışan işıqlardan və xüsusi səs siqnallarından daim yararlanmalı olduğu bildirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə açıqlanıb ki, təcili tibbi yardım maşınlarında xüsusi işıq və səs siqnallarının işlədilməsi qanunvericiliyin tələbidir.
“Yol hərəkəti haqqında” Qanunun 48-ci və 74-cü maddələrinə görə, xüsusi tapşırıq icra edən təcili yardım avtomobilləri üstün hərəkət rejimindən istifadə etmək üçün işıq və səs siqnallarını qoşmalıdır.
Bu siqnallar briqadaların çağırış yerinə mümkün qədər tez çatmasına kömək edir. Eyni zamanda, gecə-gündüz fərq etmədən, sürətlə hərəkət edən ambulansların digər sürücülər tərəfindən vaxtında görünməsinə, onların yaxınlaşması və istiqaməti barədə əvvəlcədən məlumat alınmasına imkan verir. Bununla yol qəzaları və başqa təhlükəli halların qarşısının alınması hədəflənir.
TƏBİB-in bildirdiyinə görə, siqnallardan istifadə həm çevik tibbi yardım göstərilməsi, həm də briqadaların və yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Vətəndaşlardan xidmətin təşkili zamanı, xüsusən də xüsusi işıq və səs siqnallarına görə yarana biləcək narahatlığı anlayışla qarşılamaları istənilib.
Açıqlamada vurğulanıb ki, ambulansda köməyə ehtiyacı olan insanın həyatı və ona çatmağa çalışan briqada var. Sürücülərin təcili yardım avtomobillərinə yol verməsi insan həyatının xilas edilməsində həlledici ola bilər.
Yayılan məlumatlarda yeni qərarla əlaqədar artıq xəbərdarlıq və töhmət alan əməkdaşların olduğu da qeyd edilir.