QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasına (ŞBX) daxil olan tibb müəssisələrindən birinin rəhbəri vəzifəsindən ayrılıb.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edən Turanə Rüstəmovanın əmək müqaviləsinə xitam verildiyi bildirilir.
Bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Gəncədəki bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar keçirib. Rüstəmovanın işdən azad olunmasının həmin yoxlamalarla əlaqəli ola biləcəyi ehtimal edilir.
Turanə Rüstəmova reanimatoloq-anestezioloq ixtisasına malikdir. Xəstəxananın rəhbəri təyin edilməzdən qabaq o, bu tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə rəhbərlik edib.
Daha əvvəl Gəncədə Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Yalçın Babayev və Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin müdiri Sevda Əsgərova da vəzifələrindən azad olunublar.