QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah”–“Barselona” qarşılaşmasına görə Bakı metrosunun Qırmızı xəttində xüsusi iş rejimi tətbiq ediləcək. Oyun UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində baş tutacaq.

“Bakı Metropoliteni” QSC-nin açıqlamasına əsasən, M1 xəttinin bütün stansiyalarına sərnişinlər saat 01:00-dək daxil ola biləcəklər. Stansiyalarda nəzarətin gücləndirilməsi üçün əlavə əməkdaşlar cəlb ediləcək.

Matç başa çatdıqdan sonra qatarların hərəkət qrafiki “Koroğlu” stansiyasındakı sərnişin sıxlığına uyğun müəyyənləşdiriləcək. Gün ərzində isə qatarlar payız-qış cədvəli ilə işləyəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərin iş rejimində dəyişiklik nəzərdə tutulmayıb.