QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Afinada şagirdlər dövlət büdcəsində təhsil üçün nəzərdə tutulan vəsaitin artırılması tələbi ilə aksiya keçiriblər.

Şəhərin mərkəzində bir araya gələn aksiya iştirakçıları Sintagma meydanındakı parlament binasına doğru yürüş ediblər. Orta Məktəb Müəllimləri Federasiyası (OLME) aksiyaya dəstək verib. Müəllimlər şagirdlərin aksiyada iştirakını asanlaşdırmaq üçün dörd saatlıq tətil ediblər.

İştirakçılar təhsilə ayrılan maliyyənin kifayət etmədiyini bildirərək məktəb binalarının təmir olunmasını, siniflərdəki şagird sayının azaldılmasını və müəllim heyətinin artırılmasını tələb ediblər.

Həyat bahalığı məsələsini də gündəmə gətirən şagirdlər və müəllimlər hökuməti təhsilə maliyyə dəstəyini artırmağa çağırıblar.

Aksiya iştirakçıları Fransadakı etirazlara da toxunaraq şüarlar səsləndiriblər. Onlar, ilk növbədə Fransa olmaqla, Avropanın başqa ölkələrindəki şagirdlərlə həmrəylik ifadə ediblər.