QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, yeni araşdırma gələcəkdə istilik dalğalarının daha uzun, geniş əraziləri əhatə edən və intensiv olacağını göstərir. Bəzi bölgələrdə anomal isti hava dövrünün ardıcıl altı ay davam etməsi mümkündür. Tədqiqat Berlin Azad Universitetinin Avstraliya, İsveçrə və Yeni Zelandiyadan olan alimlərlə birgə işi əsasında aparılıb, nəticələr “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqatçılar 2015-2023-cü illərdə qeydə alınan doqquz böyük istilik dalğasının müddətini, əhatə etdiyi ərazini və temperatur intensivliyini XXI əsr üçün hazırlanmış iqlim modelləri ilə müqayisə ediblər.
Nəticələrə əsasən, istixana qazı emissiyalarının aşağı olduğu ssenaridə də doqquz bölgənin beşində istilik dalğaları altı aya qədər uzana bilər. Gələcəkdəki istilik dalğalarının 10-20 faizi indiyədək qeydə alınan rekordlarla müqayisədə ikiqat istilik toplaya bilər.
Emissiyaların yüksək olduğu ssenaridə isə bəzi bölgələrdə istilik dalğalarının yaratdığı ümumi istilik yükünün mövcud rekordlardan beş dəfə artıq olacağı proqnozlaşdırılır.
Şimali Afrika və Yaxın Şərq üzrə göstəricilər xüsusilə diqqət çəkir. Sənaye dövrü ilə müqayisədə temperaturun 3,5-4,5 dərəcə yüksələcəyi halda, bu ərazilərdəki istilik dalğalarının 75-90 faizi 2023-cü ilin rekord isti yayını əsas göstəricilərin hamısı üzrə geridə qoya bilər. Avropada həmin ehtimal 36-64 faiz aralığında qiymətləndirilir.
Alimlərin fikrincə, gələcək istilik dalğalarının bir qismi bəşəriyyətin indiyədək yaşadığı ekstremal hava hadisələrindən xeyli fərqlənəcək. Tədqiqat müəllifləri şəhərlərin, enerji sistemlərinin və səhiyyə infrastrukturunun indiyə qədər müşahidə olunmamış uzunmüddətli istilərə hazırlaşdırılmasının vacibliyini qeyd edirlər.