QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı 44 yaşlı Xalid Mustafayev saxlanılıb. O, Xətai rayonunda özünə məxsus “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə güclü təsir edən dərmanları qanunsuz satmaqda şübhəli bilinir. Mustafayevin əvvəllər də eyni əməllərə görə məhkum olunduğu bildirilir.
DİN-in mətbuat xidmətinin məlumatına əsasən, aptekdə aparılan baxış zamanı İranda istehsal edilən və ölkəyə qaçaqmalçılıqla gətirilən “Diazepam” və “Pregabalin” (lirika) həblərindən külli miqdarda tapılaraq götürülüb.
İstintaq Xalid Mustafayevlə birlikdə preparatların qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxsləri də müəyyənləşdirib. Əməliyyat tədbirləri çərçivəsində 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov tutulublar. Onların üzərində aparılan baxışlarda “Pregabalin” həbləri aşkarlanıb.
Araşdırmaya görə, Tural Əliyev narkotik asılılığı olan Orxan Kəngərlini və istintaqın şəxsiyyətlərini müəyyənləşdirdiyi digər şəxsləri Xalid Mustafayevlə tanış edib. Onlar müxtəlif vaxtlarda aptekdən yalnız xüsusi reseptlə satılmalı olan “Pregabalin” və başqa psixotrop tərkibli preparatları qanunsuz əldə ediblər. Bəzi alışların pulunun Tural Əliyevin bank kartına köçürüldüyü, daha sonra isə vəsaitin Mustafayevə çatdırıldığı bildirilir.
İstintaq materiallarında qeyd olunur ki, Orxan Kəngərli aldığı həbləri özü istifadə etməklə yanaşı, müxtəlif vaxtlarda Elşad Aslanlıya və Pərviz İsmayılova da satıb. Satış üçün nəzərdə tutulan həblərin gizlədildiyi yerin ünvanı Kəngərlinin qohumu Murad Həsənov vasitəsilə Aslanlıya ötürülüb. Kəngərlinin digər qohumu Tural Ağayevlə preparatların istifadəsi barədə danışdığı, həmin maddələri “liri”, “lirik” və “lirika” adları ilə əldə etməsinə dair məlumatların texniki sübutlarla təsdiqləndiyi bildirilib.
Xalid Mustafayev və Orxan Kəngərliyə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. Məhkəmə onların hər ikisi barəsində həbs qətimkan tədbiri seçib. İşdə adı çəkilən digər şəxslərlə bağlı araşdırma davam edir.