QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, deputat Aqil Abbas Milli Məclisin “danışmaqxana” adlandırılması ilə bağlı fikir ayrılığına münasibət bildirməkdən imtina edib.

2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirə olunduğu plenar iclasda deputat Səyyad Aran çıxış vaxtının məhdudlaşdırılmasına etiraz edərək parlamenti “danışmaqxana” adlandırıb. Milli Məclisin sədri Sahibə Qafarova bu ifadəyə qarşı çıxıb və parlament etikasına uyğun danışmağa çağırıb. O, çıxışların beş dəqiqə ilə məhdudlaşdırılması barədə qərarın səsvermə nəticəsində qəbul edildiyini xatırladıb.

Məsələ ilə bağlı Aqil Abbasdan münasibət öyrənilib. Deputat Milli Məclislə əlaqəli bu cür məsələlərə münasibət bildirmək istəmədiyini deyib: “Mən belə məsələlərə şərh vermirəm”. Bundan sonra telefon danışığı başa çatıb.

Xatırladaq ki, oktyabrın 30-da plenar iclasda Aqil Abbasla Sahibə Qafarova arasında başqa bir məsələ ilə bağlı fikir ayrılığı olmuşdu. Deputat Ağdamda məcburi köçkünlər üçün inşa edilən evlərdən danışarkən “Niyə Ağdamda mənə ev düşmür?” sualını vermişdi. Spiker bu fikrin görülən işlərə kölgə saldığını bildirərək etiraz etmişdi.

Müzakirə sosial şəbəkələrdə geniş yayılmışdı. Aqil Abbas sonradan məsələyə münasibət bildirərkən “Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi” sözləri ilə spikerin mövqeyinə dəstək vermişdi.