QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb. Görüş barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Tərəflər Azərbaycan-Almaniya əlaqələrinin hazırkı vəziyyətini, əməkdaşlığın genişləndirilməsi imkanlarını, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Diplomatik münasibətlərin 2027-ci ildə 35 illiyinin tamam olacağını nəzərə alan nazirlər tərəfdaşlığın qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlar üzərində inkişaf etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər. 2026-cı ilin iyulunda Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri çərçivəsində qəbul olunan İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyin əlaqələrin gələcək inkişafı üçün mühüm əsas olduğu bildirilib.
Tərəflər iqtisadi bağların möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini vurğulayıblar. 2025-ci ildə ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına yüksəlib, Azərbaycan isə 2026-cı ilin yanvarından Almaniyaya qaz ixracına başlayıb. Bu şəraitdə ticarət, investisiya, energetika, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığı artırmaq üçün geniş imkanların olduğu qeyd edilib.
Nazirlər 2026-cı ilin iyulunda yaradılan Azərbaycan-Almaniya Biznes Şurasının iki ölkənin işgüzar dairələri arasında əlaqələrin inkişafı üçün yeni platforma rolunu oynadığını bildiriblər.
Ceyhun Bayramov alman şirkətlərinin Orta Dəhlizin, Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafına, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və inkişaf layihələrinə qoşulması üçün mövcud imkanlardan danışıb.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də daxil olmaqla, regional vəziyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub. Bayramov almaniyalı həmkarını azad edilmiş ərazilərdə aparılan bərpa işləri, keçmiş məcburi köçkünlərin geri qayıtması və mina təhlükəsinin yaratdığı davam edən çətinliklər barədə məlumatlandırıb.
Tərəflər təhsil, mədəniyyət və elm vasitəsilə xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.