QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası ilə bağlı yeni konsepsiya hazırlanıb.
Təklif edilən yeniliyə görə, sığorta hadisəsi baş verdikdə ödəniş yaşayış sahəsinin yerləşdiyi yer və sahəsi nəzərə alınmaqla hesablanacaq. Dəyişikliklə xidmət keyfiyyətinin yüksəldilməsi və əmlakın dəyərinə daha uyğun kompensasiyanın verilməsi hədəflənir.
İqtisadçı Eyyub Kərimli bildirib ki, indiki sistemdə sığorta ödənişi bəzi hallarda dəymiş zərəri tam ödəməyə yetmirdi. Bu uyğunsuzluq, xüsusən, bazar dəyəri yüksək olan mənzillərdə özünü göstərirdi.
Onun sözlərinə görə, yeni mexanizmin sığorta təminatı ilə faktiki zərər arasındakı fərqi azaltması və kompensasiyanın daha ədalətli olmasına imkan yaratması gözlənilir.
Hazırda icbari sığorta təminatı Bakıdakı yaşayış sahələri üçün 25 min manat, Sumqayıt, Gəncə və Naxçıvanda 20 min manat, digər şəhər və rayonlarda isə 15 min manatdır.
Sığorta haqqı Bakıda 50 manat, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində 40 manat, ölkənin digər şəhər və rayonlarında 30 manat müəyyən edilib.