QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Araz çayının suyunun 20 mart 2026-dək Mərəndə, gələn ilin yayında isə Təbrizə çatdırılması nəzərdə tutulur. Bu barədə İranın energetika naziri Abbas Əliabadi Mərənd şəhərində layihənin gedişi ilə tanış olarkən bildirib. Məlumatı Şərqi Azərbaycan vilayətinin valiliyi yayıb.

Nazir qeyd edib ki, Araz suyunun Mərənd, Şəbüstər və Təbrizə yönəldilməsi hökumət üçün mühüm layihədir. Onun sözlərinə görə, ölkənin şimal-qərbində və ümumilikdə İranda su təchizatı çətinlikləri var, hökumət isə su təminatının dayanıqlı olması üçün çalışır.

Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusif Qaffarzadə bildirib ki, layihə çərçivəsində tikilməsi nəzərdə tutulan yeddi stansiyadan altısında işlər başa çatıb. Yeddinci stansiyanın tikintisi diqqətdə saxlanılır.

Qaffarzadənin sözlərinə görə, boru xəttinin ümumi uzunluğu 140 kilometr, boruların diametri isə 2 min millimetrdir. Arazdan götürülən su Mərənd və Şəbüstər ərazisindən keçərək, son olaraq Təbrizdəki 100 min kubmetrlik anbara çatdırılacaq.

Layihə üzrə indiyədək ümumi tutumu 270 min kubmetr olan anbarlar inşa edilib. Daha 180 min kubmetrlik anbarların tikilməsi planlaşdırılır. Yeni anbarlardan biri Təbriz yaxınlığında yerləşəcək və tutumu 100 min kubmetr olacaq.

İranda Araz çayının suyunun Təbrizə nəqli layihəsi 22 şəhərin içməli su ilə təmin edilməsini nəzərdə tutur.