QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, avtomobilin USB girişindən telefonun enerji ilə doldurulması batareyanın sıradan çıxması və avtomobilin akkumulyatorunun boşalması riski yarada bilər. Mütəxəssislər sürücüləri bu vərdişin mümkün nəticələri barədə xəbərdar edirlər.

Bir çox avtomobildəki standart USB portları telefonları sürətli şarj etmək üçün deyil, məlumat ötürmək və az güc vermək üçün nəzərdə tutulub. Mühərrik işə salınanda, eləcə də tıxacda avtomobil tez-tez dayanıb hərəkət etdikdə elektrik gərginliyi dəyişə bilər. Bu dalğalanmalar telefonun batareyasına təsir göstərir. Qeyri-sabit, aşağı amperli enerji ötürülməsi litium-ion batareyanın ömrünü qısalda, cihazın həddindən artıq isinməsinə səbəb ola bilər.

Telefonu mühərrik sönülü və ya alışdırma açarı yarımçıq vəziyyətdəykən şarjda saxlamaq avtomobilin akkumulyatorundan enerji götürür. Akkumulyatoru köhnə olan maşında bu, səhər mühərrikin işə düşməməsi ilə nəticələnə bilər.

Mütəxəssislər avtomobilin USB portu əvəzinə alışqan yuvasına taxılan, cərəyandan qoruma funksiyası olan sertifikatlı adapterlərdən yararlanmağı məsləhət görürlər. Gərginliyin qəfil dəyişməsindən yayınmaq üçün şarj kabelini mühərriki işə salmazdan əvvəl çıxarmaq, mühərrik işə düşəndən sonra isə yenidən qoşmaq tövsiyə olunur.

Həmçinin telefonu günəş altında qalmış ön paneldə şarj etməkdən çəkinmək lazımdır. Xarici temperaturun yüksək olması şarj zamanı yaranan istiliklə birləşdikdə batareyada qalıcı zədələr yarana bilər.