QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində axtarışda olan şəxs aşkarlanaraq saxlanılıb. Araşdırma zamanı onun evdə bilərəkdən gizlədildiyi məlum olub.

Belə şəxsi qəsdən gizlədənləri hansı hüquqi məsuliyyətin gözlədiyinə hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, məsuliyyət axtarışda olan şəxsin törətdiyi əməlin xarakterinə bağlıdır.

Paşayev bildirib ki, axtarışda olan şəxsin bağ evində tapılması təkbaşına ev sahibinin cinayət məsuliyyətinə cəlb olunması üçün əsas deyil. İlk növbədə həmin şəxsin hansı əmələ görə axtarıldığı, ev sahibinin cinayətdən xəbərdar olub-olmadığı və onun gizlənməsinə bilərəkdən yardım göstərib-göstərmədiyi araşdırılmalıdır.

Hüquqşünasın izahına görə, ev sahibi ağır cinayətdən məlumatlı olduğu halda axtarılan şəxsə polisdən yayınmaq üçün yer verərsə, bu, aktiv gizlətmə sayıla bilər. Bununla yanaşı, qanunvericilik yaxın qohumlar barədə xəbər verməməyi istisna hal kimi nəzərdə tutur.

Oğurluq və başqa cinayətlərlə bağlı iddialar araşdırıldıqdan sonra əsassız çıxarsa, Cinayət Məcəlləsinin 296-cı maddəsi tətbiq oluna bilər. Şamil Paşayev qeyd edib ki, şəxsi cinayət törətməkdə bilərəkdən yalan ittiham etmək, yəni yalan xəbərçilik, cinayət məsuliyyətinə səbəb olur.