QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) texniki xidmət üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul edilən 56 əməkdaşla görüş keçirib. Proqram B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətlərini əhatə edir və sahə üzrə ixtisaslı kadrların hazırlanmasına yönəlib.
2025-ci ilin sentyabrında start götürən proqram çərçivəsində iştirakçılar nəzəri bilik və praktiki bacarıqlar əldə edəcəklər. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimlərə ayrılıb. B1 üzrə təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə texniki xidmət öyrədilir. B2 istiqamətində isə elektrik, elektron, rabitə və naviqasiya sistemləri üzrə ixtisaslaşma nəzərdə tutulur.
Görüşdə AZAL-ın İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirak edib. Onlar proqram iştirakçılarına aviaşirkətin strateji prioritetləri, inkişaf imkanları və gələcək texniki mütəxəssislərdən gözlənilən peşəkar tələblər barədə məlumat veriblər. Müzakirələrdə karyera perspektivləri və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti də diqqət mərkəzində olub.
Tədbirin praktiki təlim hissəsi korporativ dəyərlərin gündəlik fəaliyyətdə tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasındakı məsuliyyətinə həsr olunub.
Proqram AZAL-ın texniki xidmət sahəsi üçün ixtisaslı mütəxəssislər yetişdirmək, şirkətdaxili kadr imkanlarını inkişaf etdirmək və aviasiya əməliyyatlarının dayanıqlığını dəstəkləyən peşəkar komanda qurmaq strategiyasının tərkib hissəsidir.