QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov sahibkarlar üçün nəzərdə tutulan yeni dövlət dəstək tədbirlərinin detallarını açıqlayıb.
O, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib. Bayramovun sözlərinə görə, dövlət dəstəyi makroiqtisadi göstəricilərə və qeyri-neft-qaz sektorunun inkişafına töhfə verir.
Nazir müavini bildirib ki, cari ildən sahibkarlar üçün yeni dəstək mexanizmləri tətbiq olunmağa başlayıb. Bakı və Abşeron iqtisadi rayonu xaricində fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faiz ödənişlərinin 50 faizi dövlət tərəfindən qarşılanır.
Bundan başqa, sahibkarlara verilən kreditlərə dair zəmanət limiti 20 faizdən 50 faizə qaldırılıb. 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı müəssisələrinin elektrik şəbəkəsinə qoşulma xərcinin yarısı dövlət hesabına ödənəcək.
Bayramovun qeyd etdiyi digər tədbir ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin müəyyən hissəsinin kompensasiya edilməsidir.