QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Bakıda Avstriya günləri” adlı tədbir təşkil olunub.

Universitetin rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayaraq görüşün əhəmiyyətinə toxunub. Bildirilib ki, mədəni və akademik tədbirlər Azərbaycanla Avstriya arasında əlaqələrin möhkəmlənməsinə, xalqların mədəni irsinin tanıdılmasına və universitetlərarası əməkdaşlığın genişlənməsinə şərait yaradır.

ADU-da fəaliyyət göstərən Avstriya kitabxanası və mərkəzinin iki ölkə arasındakı mədəni-akademik münasibətlərə töhfə verdiyi qeyd edilib. Bu məkanlar tələbə və müəllimlərə Avstriyanın ədəbiyyatı, tarixi və mədəniyyəti barədə məlumat əldə etmək, eləcə də müvafiq mənbələrdən yararlanmaq imkanı verir. Universitetdəki təşəbbüslərin Azərbaycan-Avstriya münasibətlərinin gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Avstriyanın Azərbaycandakı səfiri Etyen Berxtold iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, ADU ilə tərəfdaşlığın önəmini qeyd edib və universitetdə Avstriyanın tarixi, mədəniyyəti və ədəbiyyatının tanıdılması üçün görülən işləri yüksək dəyərləndirib.

Səfir tələbələrin Avstriya haqqında biliklərinin artırılmasının, həmçinin ölkələr arasında akademik və mədəni mübadilənin genişləndirilməsinin vacibliyini bildirib.

ADU-nun Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova və baş müəllim, Azərbaycan Alman dili müəllimləri birliyinin sədri Lətifə Qurbanova alman dilinin tədrisinin təkmilləşdirilməsi, müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Avstriya arasında təhsil-mədəniyyət əməkdaşlığının genişləndirilməsi barədə çıxış ediblər.

Universitetdə Avstriya mədəniyyətinin və alman dilinin təbliğinin tələbələrin dünyagörüşünə və beynəlxalq əməkdaşlıq imkanlarına müsbət təsiri olduğu bildirilib.

Vyana Universitetinin Alman filologiyası üzrə tədris proqramının rəhbəri Mixal Dvoretski alman filologiyasının müasir tədris üsullarından, dil ilə mədəniyyətin əlaqəsindən və Avstriya universitetlərində alman dilinin tədrisi təcrübəsindən söz açıb. O, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsinin, eləcə də akademik tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir bədii proqramla yekunlaşıb.