QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi əməliyyat qrupu formalaşdırıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper göstəriş verib.
CENTCOM-un bildirdiyinə görə, “Iron Gate” (“Dəmir qapı”) adlanan struktur müasir silah sistemləri, ikili təyinatlı texnologiyalar, sanksiyalara məruz qalan materiallar və qanunsuz gəlirlərin İranın quru sərhədlərindən, eləcə də Xəzər dənizindən keçirilməsinə mane olmalıdır. Qrupda ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat qurumlarının nümayəndələri də yer alacaq.
Yeni təşəbbüsün əhatə dairəsinə Xəzərin daxil edilməsi diqqət çəkir. Bu dənizdə sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsi qadağandır, bölgənin təhlükəsizliyi isə yalnız sahilyanı ölkələrin səlahiyyətindədir.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a açıqlamasında əməliyyatın mümkün icra üsulunun artıq məlum olduğunu deyib. Onun sözlərinə görə, İsrail sözügedən ərazidəki İran limanlarına zərbələr endirib.
“Bildiyimə görə, İsrail artıq sözügedən ərazidəki İran limanlarına zərbələr endirib. Bu baxımdan planın hansı şəkildə həyata keçiriləcəyi təxminən bəllidir. Xəzərdə hərbi əməliyyatlar təkcə suda deyil, havada da həyata keçirilir. İsrail də ərazidəki İran limanlarına məhz hava aviasiyası vasitəsilə zərbələr endirib. Gözlənilir ki, bu zərbələrə ABŞ-də qoşula bilər. Gəmilərin Xəzərə göndərilməsi təbii ki, mümkün deyil. Buna Xəzəryanı dövlətlərin əldə etdikləri razılaşma ilə yanaşı, ərazinin coğrafi baxımdan qapalı su hövzəsi olması da əngəl yaradır. Bu baxımdan sözügedən planda yalnız hava zərbələri nəzərdə tutulur”, – deyə Zülfüqarov bildirib.
Ekspertin qənaətinə əsasən, Rusiya əməliyyata etiraz edə bilər, lakin buna baxmayaraq, belə tədbirlərin həyata keçirilməsi mümkündür.
Azərbaycanın mövqeyinə toxunan Zülfüqarov qeyd edib ki, ölkə bölgədəki digər hərbi əməliyyatlarla bağlı indiyədək tutduğu xətti davam etdirməlidir. O, Xəzərdəki Rusiya gəmilərinin əvvəllər Ukraynaya dəfələrlə zərbə endirdiyini də xatırladıb.