QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, 10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Bəyanatdan altı il ötür. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənəd 44 günlük Vətən müharibəsini başa çatdırıb və Azərbaycanda Ermənistanın hərbi məğlubiyyətini rəsmiləşdirən kapitulyasiya aktı kimi qiymətləndirilir.
Bəyanat 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanıb. Sənəd Moskva vaxtı ilə saat 00:00-da, Bakı vaxtı ilə isə 01:00-da qüvvəyə minib.
44 günlük müharibə və bəyanat nəticəsində Azərbaycanın təxminən 30 il işğal altında qalmış əraziləri azad edilib. Sənədlə Cənubi Qafqazda uzun müddət davam edən münaqişənin hərbi mərhələsi yekunlaşıb, bölgədə yeni təhlükəsizlik arxitekturasının təməli qoyulub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Ordusunun erməni terror birləşmələrini və Ermənistan ordusunu məğlub etməsi baş nazir Nikol Paşinyanı kapitulyasiya aktını imzalamağa məcbur edib.
Babaoğlunun fikrincə, tarixi qələbə Cənubi Qafqazda iki əsr ərzində formalaşmış güc nisbətini dəyişib və sülh üçün yeni imkanlar yaradıb.
Deputat qeyd edib ki, Azərbaycan həm erməni işğalına son qoyub, həm də erməni faşizmini bitirib. Onun sözlərinə görə, ölkə eyni zamanda region xalqları üçün yeni sülh modelinin qurulmasına başlayıb.
Babaoğlu qələbəni yalnız Azərbaycanın deyil, sülhsevər bəşəriyyətin uğuru kimi dəyərləndirib. O bildirib ki, sülh əməkdaşlıq, tərəfdaşlıq, inkişaf və rifah deməkdir; Azərbaycan region ölkələri və türk dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradır və bunların bir qismi artıq həyata keçirilir.
Deputat əlavə edib ki, daha böyük gələcək hələ qarşıdadır. Onun sözlərinə görə, Prezident İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə xalqa müraciətində gələcək nəsillərin də qələbə ilə fəxr edəcəyini bildirib. Babaoğlu 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiyasının gələcək nəsillər üçün rifah və təhlükəsizlik məkanının yaradılmasına zəmin olduğunu vurğulayıb.