QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunda Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim və Tinglik Mərkəzi Kompleksi fəaliyyətə başlayıb.
Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin tabeliyində olan Meşə Təsərrüfatı Baş İdarəsinin dəstəyi ilə yaradılan kompleksin təməli 2022-ci il oktyabrın 20-də qoyulub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
Ümumi sahəsi 11,4 hektar olan mərkəzin 12 min 200 kvadratmetr hissəsində binalar və infrastruktur qurulub. Burada əsas təlim binası, inzibati mərkəz, istehsal emalatxanası və yetişdirilən tinglərin satışı üçün ayrılmış sahə yerləşir. Ting yetişdirilməsi üçün isə 47 min 300 kvadratmetrlik ərazi nəzərdə tutulub.
Kompleks ildə 2 milyon ting istehsal etmək gücündədir. Mərkəzdə hər il 400 nəfər üçün nəzəri və praktiki meşəçilik dərslərinin keçirilməsi planlaşdırılır. Təlim iştirakçılarının mərkəzdə gecələməsi üçün də şərait yaradılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfəri zamanı İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında layihəni iki ölkə arasındakı tərəfdaşlığın müasir göstəricisi kimi səciyyələndirib. O, Qarabağın bərpası və inkişafı üçün Azərbaycana lazımi dəstək göstərməyə daim hazır olduqlarını da bildirib.