QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz Rəcəb Tayyib Ərdoğanla İlham Əliyevin görüşünü yayılan dezinformasiyalara verilmiş ən yaxşı cavab adlandırıb. O, bu fikirləri “Haber Global”ın efirində səsləndirib.

Yılmaz bildirib ki, iki dövlət başçısının Azərbaycanda Zəfər Günü tədbirlərində birlikdə iştirakı Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və həmrəyliyi nümayiş etdirir. Onun sözlərinə görə, bu görüş eyni zamanda yayılan yalan məlumatlara qarşı tutarlı cavabdır.

Türkiyə rəsmisi iki ölkə arasındakı dostluğun əbədi olduğunu vurğulayıb və yaxın zamanda İlham Əliyevi Türkiyədə qəbul etmək arzusunu ifadə edib.

Yılmaz, həmçinin COP31 iqlim konfransına hazırlıq çərçivəsində göstərilən dəstəyə və təcrübə mübadiləsinə görə Azərbaycan nümayəndələrinə təşəkkür edib. O, Azərbaycanın COP29 sammitinin təşkilinə verdiyi töhfəni də qeyd edib.