QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, deputat Aydın Mirzəzadə COP31-in Türkiyədə təşkilinin qardaş ölkənin beynəlxalq nüfuzunu, Azərbaycanın tədbirdə iştirakının isə ekoloji diplomatiyadakı rolunu gücləndirəcəyini bildirib.
O qeyd edib ki, COP forumları ətraf mühitin qorunması ilə bağlı qlobal diqqəti artırmaq, ölkələrin məsuliyyətini gücləndirmək və ortaq problemlərə qarşı birgə fəaliyyət planları hazırlamaq məqsədi daşıyır. Bu tədbirlər dövlətlər arasında ekoloji əməkdaşlığın inkişafına xidmət edir.
Mirzəzadənin sözlərinə görə, COP31-in Türkiyədə keçirilməsi ölkənin ətraf mühitin mühafizəsi sahəsindəki təcrübəsini və yanaşmasını beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan verəcək. Müxtəlif ölkələrin liderlərinin Türkiyədə toplaşması da onun qlobal məsələlərdəki rolunu və beynəlxalq çəkisini nümayiş etdirəcək.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin tədbirdə iştirakı Türkiyəyə siyasi və mənəvi dəstəyin ifadəsidir. Bu, iki ölkə arasında ekologiya sahəsində əlaqələrin genişlənməsinə, birgə proqramların hazırlanmasına və yeni təşəbbüslərin reallaşmasına da töhfə verə bilər.
O əlavə edib ki, Prezidentin iştirakı Azərbaycanın ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha təmiz dünyanın təmin edilməsi sahəsində topladığı təcrübəni beynəlxalq səviyyədə bölüşmək baxımından əhəmiyyətlidir.
Mirzəzadə xatırladıb ki, Azərbaycan daha əvvəl COP29-a ev sahibliyi edib və tədbir ölkədə yüksək səviyyədə təşkil olunub. Həmin vaxt 80-dən çox ölkənin lideri Azərbaycana gəlib, iştirakçıların sayı isə 80 minə yaxın olub. Deputat bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və ölkənin təcrübəsinə marağının göstəricisi kimi qiymətləndirib.
Onun fikrincə, Azərbaycanın COP31-də iştirakı dövlətlərlə ekoloji dialoqun dərinləşməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və birgə fəaliyyətin genişlənməsinə kömək edəcək. Eyni zamanda, ölkə digər dövlətlərin təcrübəsini öyrənməyə, yeni yanaşmalardan yararlanmağa və beynəlxalq tərəfdaşlarla ətraf mühitin mühafizəsinə dair təşəbbüslər həyata keçirməyə hazır olduğunu göstərəcək.