QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Tərəflər Azərbaycanla Gürcüstan arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin dini əməkdaşlığa təsirini, eləcə də aidiyyəti dövlət qurumları arasında əlaqələrin inkişafı üçün imkanları müzakirə ediblər.
Ramin Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qurulması, etiqad azadlığının qorunması, dini icmalara dəstək və tolerantlıq mühiti barədə danışıb. O, ölkədəki gürcü icmasının dövlət qayğısı ilə əhatə olunduğunu, dini ibadət yerlərində bərpa işlərinin görüldüyünü və dini bayramların keçirilməsi üçün şərait yaradıldığını bildirib.
Komitə sədri, həmçinin Gürcüstanda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkil etdiyi iftarların iki xalq arasında dostluq, qarşılıqlı hörmət və anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Fond Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.
Zaza Vaşakmadze Azərbaycanın dövlət-din münasibətlərini hüquqi çərçivədə tənzimləmək istiqamətindəki siyasətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda dini sahəni tənzimləyən qanunvericilik bazası və mexanizmlər Gürcüstan üçün də maraqlıdır; bu istiqamətdə tərəfdaşlığın artırılması vacibdir.
Görüşdə dini sahədə ikitərəfli əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Qarşılıqlı səfərlərin artırılması və mövcud imkanlardan səmərəli yararlanmaq məsələləri də nəzərdən keçirilib.