QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, isveçli filosof Nik Bostrom süni intellektin inkişafı ilə insanların gələcəkdə 1000 ildən artıq yaşaya biləcəyini düşünür. Süni intellektin təhlükəsizliyi, ekzistensial risklər və simulyasiya hipotezi üzrə araşdırmaları ilə tanınan Bostromun proqnozuna əsasən, insan ömrü 1200-1400 ilə qədər uzana bilər.

Filosof hesab edir ki, yeni texnologiyalar tibb və qocalma ilə bağlı tədqiqatlarda elmi irəliləyişləri sürətləndirə bilər. Onun fikrincə, qocalma prosesi tam dayandırılsa, bu cür uzunömürlülük mümkün ola bilər.

Bostrom bildirib ki, süni intellekt vasitəsilə alimlər qocalmanı dayandırmağı və sağlam 20 yaşlı insanlara xas ölüm göstəricisini saxlamağı bacarsalar, insanın mümkün ömrü təxminən 1200, bəlkə də 1400 il ola bilər.

Tibb elmləri doktoru Adil Qeybulla isə bu proqnozları şişirdilmiş sayır. Onun sözlərinə görə, canlıların ömür uzunluğu genetik xüsusiyyətlərlə müəyyənləşir: bəzi bitkilər bir il, digərləri 500 il, bəzi heyvanlar isə uzun müddət yaşayır. İnsanların fizioloji ömrünün 100 ildən artıq olduğunu qeyd edən həkim 1200-1400 illik ömrü mümkün hesab etmir.

Qeybulla bildirib ki, orqanizmdəki proseslər və qocalmanın xüsusiyyətləri səsləndirilən rəqəmlərin reallığı əks etdirmədiyini göstərir. O, insan ömrünə təsir edən başqa xarici amillərin də olduğunu, ekoloji problemlər və təmiz mühitin olmaması şəraitində belə nəticəyə çatmağın mümkün olmadığını vurğulayıb.

Həkimin fikrincə, bu proqnozlar süni intellektin rolunu olduğundan artıq göstərərək ona marağı artırmağa xidmət edir. O, bazarda süni intellektlə işləyən çoxsaylı məhsul və proqramların olduğunu bildirib, bu texnologiyanın yaradıcı təfəkkürə malik ola bilməyəcəyini və özünün də idarə edilməli olduğunu qeyd edib.