QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, son günlər respirator viruslara yoluxan bəzi şəxslərdə öskürək, halsızlıq və boğaz ağrısı kimi əlamətlər həftələrlə davam edir. Uzun sürən simptomlar əhali arasında narahatlıq yaradıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda müxtəlif tənəffüs yolu viruslarının eyni vaxtda yayılması epidemioloji vəziyyəti mürəkkəbləşdirir. Onun sözlərinə görə, COVID-19 pandemiyası başa çatsa da, koronavirus yayılmaqda davam edir; yoluxma hallarına İran, Avropa ölkələri və Azərbaycanda rast gəlinir. Bəzi ölkələrdə isə uşaqlar və böyüklər arasında adenovirus infeksiyası yayılıb. Buna görə xəstəliyə hansı virusun səbəb olduğunu müəyyənləşdirmək vacibdir.

Professor infeksiyalarla bağlı laborator müayinələrin nəticələrinin ictimaiyyətə çatdırılmasının və əhalinin mütəmadi məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. İnsanların yayılan infeksiyanı, qorunma yollarını və evdə necə davranmalı olduqlarını bilməli olduğunu deyib. İlkin əlamətlər başlayanda maska taxmaq həm xəstənin, həm də ətrafındakıların qorunmasına kömək edir.

Adil Qeybulla xəstəlik zamanı gündəlik fəaliyyətləri davam etdirməyin sağalmanı ləngidə və ağırlaşma yarada biləcəyini qeyd edib. Əlamətləri hiss edənlərə bir neçə gün evdə qalmaq, yataq rejiminə riayət etmək və bol maye içmək tövsiyə olunur. Vəziyyət yaxşılaşmadıqda həkimə müraciət etmək lazımdır. Professor xəstə halda işə getməyin və yolda soyuğa məruz qalmağın vəziyyəti ağırlaşdıra biləcəyini də bildirib.