QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, informasiya texnologiyaları üzrə mühəndis və tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “İnformasiya Təhlükəsizliyi” adlı dərs vəsaitinin həmmüəllifi olub. O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Vəsait informatika müəllimlərinin informasiya təhlükəsizliyi üzrə biliklərini artırmaq, eləcə də şagirdlərə internetdən təhlükəsiz istifadə qaydalarını aşılamaq məqsədilə hazırlanıb.
Nəşr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb. Layihənin icraçısı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası olub. Kitabın təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib.
Səkkiz bölməli vəsaitdə kibertəhlükəsizlik və kiberhücumlarla yanaşı, şəxsi məlumatların mühafizəsi, internetdə təhlükəsiz davranış və rəqəmsal etika məsələləri əhatə edilib.
Müəllimlərin mövzuları mənimsəməsinə və şagirdlərə anlaşıqlı şəkildə çatdırmasına kömək üçün nəşrə nümunələr, müzakirə tapşırıqları və yoxlama sualları daxil edilib. Bəhruz Əliyev kitabın informasiya təhlükəsizliyinə maraq göstərənlər üçün faydalı olacağına ümid etdiyini bildirib.