QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycanda gənclərin çağırışaqədərki hazırlığının təşkili və keçirilməsi qaydaları dəyişdirilib.
Yeniliklər Baş nazir Əli Əsədovun qərarı ilə təsdiq olunan “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də yer alıb. Sənədə əsasən, gənclərə müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, süni intellekt, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə biliklər aşılanacaq.
Tədris proqramına fövqəladə vəziyyətlərdə davranış qaydaları, ilkin tibbi yardım, sağlamlığın qorunması və psixoloji dayanıqlığın möhkəmləndirilməsi də daxil edilib.
Dərslər oğlanlarla qızların birgə iştirakı ilə keçiriləcək. İntizamı, nümunəvi davranışı və təlim göstəriciləri ilə seçilən şagirdlər direktorun əmri əsasında taqım və manqa komandiri təyin edilə biləcəklər.
Həqiqi hərbi xidmətdə olmuş və ya əvvəlki təhsil müəssisəsində çağırışaqədərki hazırlıq proqramını bütövlükdə bitirmiş şəxslər dərslərə yenidən cəlb edilməyəcək.
Əsasnamə bu fənni tədris edən müəllimlərin işə qəbulu və ixtisasartırması üçün tələbləri də müəyyən edir. Müvafiq təhsil şərtlərinə cavab verən müharibə veteranları da çağırışaqədərki hazırlıq müəllimi işləyə biləcəklər.
Hərbi xidmət keçmiş hazırlıq rəhbərlərinin xidmət müddəti pedaqoji stajlarına hesablanacaq. Yeni sənədin qüvvəyə minməsi ilə Nazirlər Kabinetinin 1998-ci ildə gənclərin ibtidai hərbi hazırlığı barədə qəbul etdiyi qərar ləğv edilib.