QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurası son günlər bəzi media qurumları və jurnalistlərin ictimai hadisələri işıqlandırarkən peşə etikası tələblərindən kənara çıxdığını açıqlayıb.

Şuranın bəyanatında bildirilib ki, rəsmi mənbələrə əsaslanmayan və dəqiqləşdirilməmiş məlumatların tələsik, səthi şəkildə yayımlanması jurnalist məsuliyyəti və peşəkarlığı ilə bağlı suallar yaradır. Belə hallar ictimaiyyətin informasiyaya inamını zəiflədir, jurnalistikanın nüfuzuna və ənənəvi missiyasına xələl gətirir.

Bəyanatda medianın cəmiyyəti operativ məlumatlandırmasının əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, sürətin məlumatların yoxlanılması, faktların dəqiqliyi, hadisələrin obyektiv təqdimatı və etik prinsiplər hesabına əldə edilməməli olduğu qeyd olunub.

Mətbuat Şurası media nümayəndələrini informasiyanı yayımlayarkən şəxsi həyatın toxunulmazlığına xüsusi diqqət yetirməyə çağırıb. İctimai əhəmiyyəti olmayan şəxslərin həyatına dair məlumatların, foto və videoların onların hüquq və mənafeləri nəzərə alınmadan paylaşılması etik normalara uyğun sayılmır. Şura son günlər bu prinsipin pozulması ilə bağlı müşahidələrin narahatlıq doğurduğunu bildirib.

Qurumun fikrincə, məlumat təqdim edilərkən şəxsi həyatın toxunulmazlığına və insan ləyaqətinə hörmət, eləcə də fərdi məlumatların qorunması əsas etik öhdəliklər sırasındadır. Bəyanatda qeyd edilib ki, bu qaydaların pozulması jurnalistikanın ictimai nüfuzuna ciddi zərər vura bilər.

Şura media subyektləri və jurnalistlərin fəaliyyətində ictimai məsuliyyət, peşəkarlıq və etimadı əsas götürməli olduğunu vurğulayıb. Bəyanatda bildirilib ki, ictimai əhəmiyyətli məlumatı cəmiyyətə çatdırmaq vəzifəsi sensasiya, reytinq və diqqət qazanmaq məqsədinə qurban verilməməli, xəbərlər etik həssaslıqla hazırlanmalıdır.

Mətbuat Şurası media təmsilçilərini, jurnalistləri və müstəqil jurnalist fəaliyyəti göstərən şəxsləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi əməl etməyə çağırıb. Qurum həssas, vicdanlı və peşəkar yanaşmanı jurnalistikanın ictimai missiyası, mediaya inam və nüfuz üçün əsas şərt adlandırıb.