QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, torpaq sahəsinin planı və ölçüsünü göstərən sənəd mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilə bilər. Təklif Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsində yer alıb.

Layihə “Torpaq islahatı haqqında” qanun əsasında vətəndaşlara ayrılan, lakin mülkiyyət hüququ rəsmiləşdirilməyən həyətyanı sahələrlə bağlı məsələnin həllini nəzərdə tutur.

Qanuna uyğun ayrılmış torpaqlar üzrə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr hazırlayıb. Bu sənədlərin verilməsi 2006-cı il iyulun 6-dək davam edib. Həmin tarixdən sonra hüquqların təsdiqi üçün dövlət reyestrindən çıxarış verilməyə başlanıb və şəhadətnamələrin əvəzinə Komitə vətəndaşlara torpağın plan-ölçü sənədini təqdim edib.

Beləliklə, vətəndaşların bir hissəsi 2006-cı il iyulun 6-dək şəhadətnamə əldə edib, digərlərinə isə müraciət etmədikləri üçün mülkiyyət hüququnu təsdiqləyən sənəd yox, yalnız texniki plan-ölçü verilib.

Plan-ölçü hüququ təsdiq edən sənəd sayılmadığından, bu sənədlə torpağın mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq və çıxarış almaq mümkün olmayıb. Halbuki hər iki qrupun torpaqları torpaq islahatı çərçivəsində ayrılıb. Eyni çətinlik bələdiyyələrin ayırdığı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçüsünü hazırladığı həyətyanı sahələrdə də yaranıb.

Layihəyə görə, Komitənin 2015-ci il fevralın 6-dək vətəndaşlara mülkiyyətə verdiyi həyətyanı sahələr üçün tərtib olunmuş plan-ölçü sənədi həmin torpaqlara dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olacaq.