QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, üzərində kiçik hərflərlə “etibarsız” qeydi yazılmış, görünüşcə həqiqi pul nişanlarına bənzəyən saxta əsginaslarla vətəndaşların aldadılması halları qeydə alınır. Bəzi şəxslər xəbərdarlıq yazısını örtərək həmin əsginasları dövriyyəyə daxil etməyə çalışırlar.
Belə əməllərin hüquqi qiyməti və onları törədənlərin məsuliyyəti barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Mircavid Miriyev açıqlama verib. Onun sözlərinə görə, əvvəlcə təqdim olunan pulun həqiqiliyi və istifadəyə yararlılığı müəyyənləşdirilməlidir. Əməlin dələduzluq, yoxsa daha ağır cinayət sayılması da bu meyarlardan asılıdır.
Miriyev bildirib ki, istehsal üsulundan asılı olmayaraq, Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanlarını təqlid edən və ya həqiqi əsginasın nominalını, yaxud digər xüsusiyyətlərini dəyişməklə hazırlanan pul saxta hesab olunur. Saxta olduğu müəyyənləşdirilən milli və ya xarici valyuta dəyişdirilmir, nominal dəyəri ödənilmir və onu təqdim edənə qaytarılmır. Belə əsginaslar qanunla nəzərdə tutulan tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir.
Vəkilin qeyd etdiyi Ali Məhkəmə Plenumunun dələduzluq işləri üzrə təcrübəyə dair qərarının 9-cu bəndində bildirilir ki, satış məqsədilə saxta pul, qiymətli dövlət kağızı və ya xarici valyuta hazırlamaq, əldə etmək və satmaq zahirən dələduzluğa bənzəsə də, Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə tövsif edilməlidir.
Saxta pul və ya qiymətli kağız yalnız əslindən aydın şəkildə seçilirsə və dövriyyədə istifadə edilə bilmirsə, onun satılması dələduzluq kimi qiymətləndirilə bilər. Bu halda niyyətin məhdud sayda şəxsi aldatmağa yönəldiyi sübuta yetirilməlidir.
Miriyev əlavə edib ki, saxta əsginas görünüşünə görə həqiqi puldan aşkar fərqlənmədikdə və dövriyyədə istifadə oluna bildikdə daha ağır məsuliyyət nəzərdə tutulur. “Etibarsızdır” qeydi olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrindən məhrum, Mərkəzi Bankın tədavülə buraxdığı eyni nominal əsginasla eynilik təşkil etməyən pul saxta hesab edilir. Belə əsginas əslindən açıq şəkildə seçilmirsə, əməl Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə tövsif olunur. Cəza 5 ildən 7 ilədək, ağırlaşdırıcı hallarda isə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə ola bilər.
Vəkilin sözlərinə görə, pul nişanının saxta olub-olmaması barədə ekspert rəyini “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən Mərkəzi Bank verir.