QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya NATO ilə həmsərhəd bölgədə hərbi qüvvələrinin sayını artırmaq üçün Leninqrad Hərbi Dairəsindəki mövcudluğunu genişləndirir. 2024-cü ildə yenidən yaradılan dairənin qüvvələrinin alyansa qarşı istifadə oluna biləcəyi barədə Qərb kəşfiyyatında qiymətləndirmələr var.
Peyk görüntüləri Finlandiya sərhədinə yaxın Rusiyanın ən böyük qarnizonlarından biri olan Kamenkada genişmiqyaslı yenilənmə işlərinin getdiyini göstərir. Leninqrad vilayətinin Vıborq rayonundakı kənddə sovet dövründən qalan hərbi şəhərcik bərpa olunur. Burada 69-cu qvardiya motoatıcı diviziyası yerləşir, hərbçilərin sayının isə 11 min nəfərədək yüksəldilməsi planlanır.
Finlandiya sərhədindən 60 kilometr aralıda yerləşən Kamenka son bir-iki ildə Rusiya ordusunun yenilədiyi, sərhədyanı ərazilərdəki ən azı yeddinci hərbi obyektdir.
Hərbi ekspert Marko Eklundun sözlərinə görə, peyk fotolarında köhnə kazarmaların və texnika anqarlarının sökülərək daha böyük tutumlu tikililərlə əvəzlənməsi görünür. O bildirib ki, əvvəllər bazada 4 500 əsgər və zabitdən ibarət briqada yerləşirdi. Ukraynada müharibə başladıqdan sonra isə Kamenkaya diviziya gətirilib və şəxsi heyətin 2,5 dəfə artırılması nəzərdə tutulub. Eklund fotolarda döyüş hazırlığı mərkəzi və atış poliqonunun inşasını da qeyd edib.
Hərbi qulluqçuların və ailələrinin yerləşdirilməsi üçün yeni kazarmalarla yanaşı yaşayış binaları da tikilir. Yenidənqurma 22 yaşayış binasını və 1,6 min mənzili əhatə edib. Hazırda Kamenka qarnizonunda təxminən 8 min nəfər yaşayır.
Rusiya ordusu Finlandiya ilə sərhəddəki başqa bazalarda da bərpa işlərinə başlayıb. SSRİ dağılandan sonra bu obyektlərin çoxu işləməyib və ya tam gücü ilə istifadə olunmayıb. Siyahıya Kareliyadakı Petrozavodsk şəhərində yerləşən “Rıbka” və “Novaya Vilqa” qarnizonları, Murmansk vilayətindəki Alakurtti, Lupçe-Savino və Peçenqa, həmçinin Leninqrad vilayətindəki Kamenkaya qonşu Kirillovskoye daxildir.