QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə vətəndaşlara 90 yeni mənzil təqdim edib. Mənzillər tam təmirlidir.

Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində yerləşən kompleksdə 31, Sumqayıt şəhəri, Sülh prospektindəki yaşayış kompleksində 31 mənzil ayrılıb. Abşeron rayonunun Saray qəsəbəsində, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdən isə 28 mənzil təqdim olunub.

Mənzillər 1, 2 və 3 otaqlıdır. Aylıq ödəniş məbləği 445 manatdan başlayır. Yeni mənzillər 2026-cı il dekabrın 1-də saat 15:00-dan etibarən seçimə açılacaq. Yaşayış sahələrinin siyahısı ilə müvafiq keçid vasitəsilə tanış olmaq mümkündür.

Müraciət və mənzil seçimi Mygov portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən aparılacaq. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası ilə təsdiqləyə bilərlər. Bu üsulun tətbiqi barədə təlimat da müvafiq keçiddə yerləşdirilib.

Bərabər seçim imkanının təmin olunması üçün imtinalar nəticəsində boşalan mənzillər elektron sistem tərəfindən hər iş günü saat 11:00-dan başlayaraq seçimə çıxarılır.