QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanda əsas ərzaq məhsullarının qiymətləri son 13 ildə orta hesabla təxminən 2,4 dəfə artıb. Rəsmi məlumatlar əsasında aparılan hesablamalara görə, bu dövrdə məhsulların əksəriyyətində nəzərəçarpan bahalaşma qeydə alınıb.
Ərzaq məhsulları arasında qiyməti ən çox yüksələn qruplar tərəvəz və süd məhsulları olub. Ən böyük artım badımcanda müşahidə edilib: 2013-cü ilin sentyabrında kiloqramı orta hesabla 47 qəpik olan məhsulun qiyməti 2026-cı ilin sentyabrında 2 manat 22 qəpiyə çatıb.
Son 13 ildə kərə yağı 3,9 dəfə bahalaşaraq 6,04 manatdan 23,15 manata, əridilmiş pendir 2,8 dəfə artaraq 6,67 manatdan 25,19 manata yüksəlib. Qara istiotun qiyməti isə 2,4 dəfə artıb: 1,58 manatdan 5,32 manata.
Alkoqollu içkilər və tütün məmulatları da müqayisəyə daxil edildikdə, ən kəskin bahalaşma konyakda qeydə alınıb. Onun qiyməti 4,8 dəfə artaraq 4,54 manatdan 21,76 manata yüksəlib. Araq isə 3,9 dəfə bahalaşıb.
Müqayisə olunan ərzaqlar içərisində ən zəif artım bananın qiymətində olub. Bir kiloqram banan 2,46 manatdan 2,88 manata qalxaraq 13 ildə 17 faiz bahalaşıb. Şabalıdın qiyməti 22 faiz, süfrə çuğundurunun 24 faiz, təzə göbələyin 31 faiz, kökün 32 faiz, istixana xiyarının 34 faiz, göyərtinin 41 faiz, pasterizə olunmamış üzlü südün isə 42 faiz artıb.
Məlumatda bildirilir ki, müqayisəyə daxil edilən ərzaq məhsullarının heç birinin qiyməti 2013-cü illə müqayisədə aşağı düşməyib.