QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı ilin ilk on ayında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı üzrə xidmətlərin real həcmi ötən ilin eyni dövrünə nisbətən 10,2 faiz yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Yanvar-oktyabr aylarında sahə üzrə ümumilikdə 14 milyard 288,8 milyon manatlıq xidmət qeydə alınıb. Bunun 8 milyard 546,7 milyon manatı, yaxud 59,8 faizi yük daşımalarına, 3 milyard 860 milyon manatı (27 faizi) sərnişin daşımalarına aid olub. Anbar təsərrüfatı və poçt xidmətlərinin həcmi isə 1 milyard 882,1 milyon manat təşkil edib ki, bu da ümumi göstəricinin 13,2 faizidir.
Hesabat dövründə nəqliyyat vasitələri ilə 205,1 milyon ton yük daşınıb. Göstərici illik müqayisədə 3,4 faiz artıb. Daşınan yüklərin 63,5 faizi avtomobil, 25 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi isə hava nəqliyyatının payına düşüb.
İlk on ayda sərnişin daşımalarının sayı 1 milyard 861,9 milyona çatıb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu, 9,9 faiz çoxdur. Sərnişinlərin 90 faizi avtomobillərlə, 9,3 faizi metro ilə daşınıb, qalan pay digər nəqliyyat növlərinə düşüb.