QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda saatlıq əməkhaqqı mexanizminin tətbiqi planlaşdırılır. Yeni sistem çevik və hibrid rejimdə, eləcə də günün müəyyən saatlarında işləyənlər üçün imkanlar yaradacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, mexanizmin əsas hədəflərindən biri saat hesabı çalışan şəxslərin əməkhaqlarını rəsmiləşdirmək, bu gəlirlər üzrə vergi və digər sosial ödənişlərin aparılmasını təmin etməkdir.

Deputatın qeyd etdiyinə görə, sistem ixtisaslı mütəxəssislərə bir neçə iş yerində işləyərək gəlirlərini artırmağa şərait yaradacaq. Həmçinin əməkhaqlarının rəsmi uçotu, sosial ödənişlərin hesablanması və pensiya kapitalının formalaşdırılması mümkün olacaq.

Saatlıq ödəniş modeli məşğulluq imkanlarını genişləndirməklə yanaşı, çevik rejimdə çalışanların əmək münasibətlərinin rəsmiləşdirilməsinə və sosial təminatının gücləndirilməsinə xidmət edəcək. Beləliklə, işçilər əlavə gəlirlə yanaşı, əmək fəaliyyətləri əsasında sosial təminat və gələcək pensiya hüquqları formalaşdırmaq imkanı qazanacaqlar.