QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Antalyada təşkil olunacaq BMT-nin İqlim Dəyişməsi üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasına (COP31) sayılı günlər qalır. Sammit çərçivəsində Türkiyənin tanınmış ifaçılarının da çıxışları planlaşdırılıb.
EXPO ərazisində hamının ziyarət edə biləcəyi “Yaşıl Zona”da konsertlər, emalatxanalar və şou proqramları keçiriləcək. Tarkanın 2008-ci ildə yazdığı “Uyan” mahnısı COP31 üçün “Wake Up” adı ilə yenidən işlənib. Proqramda başqa tanınmış sənətçilər də yer alacaq.
Noyabrın 14-də Nurol Holding Konqres Mərkəzində A. Adnan Sayqunun məşhur “Yunus Emre” oratoriyası ifa olunacaq. Ertəsi gün zərb alətləri ifaçısı Burhan Öçal “Folkart” Kiçik Amfiteatrında konsert verəcək.
Həmin gün saat 20:00-da Yalın “Türk Telekom” Böyük Amfiteatrında sevilən mahnılarını səsləndirəcək. Noyabrın 18-də, saat 20:00-da isə eyni səhnədə Ebru Yaşar çıxış edəcək.
“Yaşıl Zona”da COP31 müddətində təşkil olunan konsert və tədbirlərə giriş ödənişsiz olacaq və proqramlar hər kəsə açıqdır.
Sammit noyabrın 9-dan 20-dək keçiriləcək. Tədbirdə dünya liderləri, beynəlxalq qurumlar, biznes və elm nümayəndələri, vətəndaş cəmiyyəti və gənclər iqlim məqsədləri ətrafında bir araya gələcək. Zirvənin əsas məqsədi qlobal iqlim öhdəliklərini konkret və ölçülə bilən nəticələrə çevirməkdir.