QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 8 Noyabr – Zəfər Günü tədbirləri çərçivəsində “Bir şəkil” sənədli filminin təqdimatı keçirilib. Ekran əsəri Xocalı soyqırımı zamanı həlak olmuş şəhid Şöhrət Həsənovun xatirəsinə həsr olunub.
Təqdimatda Komitənin rəsmi şəxsləri və əməkdaşları iştirak ediblər. Mərasim şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Onlar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban veriblər.
Komitə sədrinin müavini Fuad Hüseynov çıxışında Heydər Əliyevin dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin dövlət siyasətində prioritet olduğunu bildirən Hüseynov, Birinci vitse-prezident Mehriban Əliyevanın bu məsələlərə xüsusi həssaslıq göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli dönüşü davam edir, işğaldan azad edilmiş ərazilərdə indiyədək təxminən 50 yaşayış məntəqəsində daimi məskunlaşma təmin olunub.
Sonra sənədli film nümayiş etdirilib. Film Xocalının mühasirədə olduğu ağır dövrdə sakinlərin səsini dünyaya çatdıran “Xocalının səsi” qəzetinin nəşrinə mühüm töhfə vermiş Şöhrət Həsənovun həyatından və döyüş yolundan bəhs edir. Ekran əsərində onun Xocalıda həm qələmlə, həm də silahla mübarizə apardığı göstərilir.
Layihəyə Xuraman Osmanova rəhbərlik edib. Filmin ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi isə Orxan Aslandır.
Nümayişdən sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və Nicat Cəlilov filmin əhəmiyyəti, hazırlanma prosesi və ekran əsəri ilə bağlı təəssüratları barədə danışıblar.
Şöhrət Həsənov 1944-cü il dekabrın 23-də Xocalı rayonunda anadan olub. O, müxtəlif məsul vəzifələrdə çalışıb, soyqırımın baş verdiyi dövrdə isə Rayon İcra Hakimiyyətində işləyib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin hücumu zamanı dinc sakinləri xilas etmək üçün sonadək döyüşüb. Döyüşlərdə düşmən tərəfindən işgəncə ilə qətlə yetirilərək şəhid olub. Məzarı Bakıdakı Şəhidlər Xiyabanındadır. Fədakar xidmətinə və şücaətinə görə “İgidliyə görə” medalı ilə təltif olunub.
Sənədli filmin ilk təqdimatı ötən həftə Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə şəhidin yaxınları, rəsmi qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.