QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarənin açıqlamasında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü xatırladılıb. Bildirilib ki, bu əlamətdar tarixlər Vətən uğrunda həyatını itirən şəhidlərin qəhrəmanlığını, qazilərin fədakarlığını və xalqın birliyini yada salır.

Qeyri-iş günlərində ölkə yollarında nəqliyyatın hərəkətinin intensivləşəcəyi gözlənilir. Bu səbəbdən sürücülərə qaydalara riayət etmək, səfər boyu diqqətli və məsuliyyətli davranmaq tövsiyə olunub.

Yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinin, o cümlədən əyləclərin, işıqların və təkərlərin yoxlanılması istənilib. Sürət yol və hava şəraitinə uyğun seçilməli, müəyyən edilmiş hədd aşılmamalı, təhlükəli ötmə və manevrlərdən uzaq durulmalı, ara məsafəsi saxlanılmalıdır. Həmçinin təhlükəsizlik kəmərindən istifadə, avtomobil idarə edərkən telefona diqqət ayırmamaq, uzun səfərlərdə yorğun və yuxusuz halda sükan arxasına keçməmək və vaxtaşırı fasilə vermək tövsiyə edilib.

İdarə xüsusilə sıx hərəkət olan yollarda tələsməməyə, digər yol istifadəçilərinin təhlükəsizliyini nəzərə almağa çağırıb. Piyadalara isə yolu yalnız müəyyən edilmiş yerlərdən keçmək, hərəkət qaydalarına əməl etmək, qaranlıq saatlarda və görünüşün məhdud olduğu şəraitdə ehtiyatlı olmaq tövsiyə olunub.