QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycanın makroiqtisadi və əsas maliyyə göstəricilərini açıqlayıb. Məlumatlarda ölkə iqtisadiyyatında artım olduğu bildirilir.
Ümumi Daxili Məhsul 102 048,2 milyon manat həcmində qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Qeyri-neft-qaz sahəsində ÜDM istehsalı 2,6 faiz yüksələrək 71 721,7 milyon manata çatıb. Adambaşına düşən ÜDM isə 1,1 faiz artımla 9 933,8 manat təşkil edib.
Dövlət büdcəsinin gəlirləri 0,6 faiz artaraq 29 311,8 milyon manata yüksəlib. Xərclər 2,8 faiz çoxalaraq 25 348,2 milyon manat olub. Beləliklə, büdcədə 3 963,6 milyon manat profisit yaranıb; bu, bir il əvvəlki göstəricidən 11,4 faiz aşağıdır.
İcmal büdcənin gəlirləri 2,4 faiz artımla 36 730,4 milyon manata, xərcləri isə 3,7 faiz yüksəlişlə 30 089,9 milyon manata çatıb. İcmal büdcənin profisiti 6 640,5 milyon manat olub və əvvəlki illə müqayisədə 2,9 faiz azalıb.