QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılmasını hər iki tərəf üçün faydalı proses hesab edir. Bunu xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Bayramovun sözlərinə görə, Litvanın 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrlik etməsi viza məsələsinin irəliləməsi üçün əlverişli şərait yarada bilər. O bildirib ki, görüşdə bu mövzu müzakirə olunub və Budris prosesə dəstək ifadə edib. Nazir bunu Azərbaycanın mövqeyi ilə üst-üstə düşən mühüm mesaj kimi qiymətləndirib.
XİN rəhbəri qeyd edib ki, Aİ üzvü olan ölkələrin mövqeyi bu məsələdə əhəmiyyət daşıyır. Litvanın qarşıdakı sədrliyinin gündəliyin irəli aparılmasına kömək edə biləcəyini vurğulayan Bayramov, Azərbaycan vətəndaşlarının turizm, təhsil və biznes məqsədilə Avropa ölkələrinə səfər etdiklərini xatırladıb.
Nazirin fikrincə, viza qaydalarının liberallaşdırılması səfərlər üçün yeni imkanlar açacaq və prosedurları asanlaşdıracaq. O, Azərbaycanın da viza məhdudiyyətlərini tam aradan qaldırmağa hazır olduğunu söyləyib.
Bayramovun sözlərinə görə, hazırda bir sıra Avropa ölkəsinin vətəndaşları Azərbaycana gəlmək üçün “ASAN Viza” sistemi ilə elektron qaydada sadə şəkildə viza ala bilirlər. Azərbaycan həmin məhdudiyyətlərin bütövlükdə ləğvinə də hazırdır.