QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə geniş tərkibdə görüş keçirib. Tərəflər ikitərəfli əlaqələri, strateji tərəfdaşlığın inkişaf imkanlarını, eləcə də regional və beynəlxalq gündəmi müzakirə ediblər.
Nazirlər tarixi bağlar, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan uzunmüddətli dostluq münasibətlərinin əhəmiyyətini təsdiqləyiblər. Yüksək səviyyəli müntəzəm görüşlərin, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin əməkdaşlığı gücləndirdiyi bildirilib.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin müsbət inkişafı, qarşılıqlı sərmayələrin və biznes təmaslarının təşviqi, ticarətin şaxələndirilməsi məsələləri nəzərdən keçirilib. İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın son toplantısında əldə edilən razılaşmaların icrasının vacibliyi qeyd olunub.
Enerji sahəsində tərəfdaşlığın regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfə vurğulanıb. Təbii qaz və elektrik enerjisinin təchizatı, tranzit razılaşmalarının yaratdığı imkanlar, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın yaşıl enerji üzrə əməkdaşlığı müzakirə edilib. Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin inkişafının önəmi də diqqətə çatdırılıb.
Tərəflər regionun nəqliyyat-logistika bağlantılarının möhkəmləndirilməsində Orta Dəhlizin strateji əhəmiyyətini qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisində modernləşmə işlərinin yekunlaşmasını alqışlayıblar.
Xalqlar arasında təmasların genişləndirilməsi, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın artırılması da müzakirə mövzuları sırasında olub.
Regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparan nazirlər beynəlxalq təşkilatlar daxilində qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
Müzakirələrdə Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərə də toxunulub. Ceyhun Bayramov Azərbaycanın Ermənistanla iqtisadi əlaqələri inkişaf etdirmək üçün atdığı konkret addımlar barədə məlumat verib. Bu addımlara tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan üzərindən Ermənistana neft məhsullarının ixracına başlanması daxildir. Gürcüstanın prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.
Bayramov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, habelə mina təhlükəsinin yaratdığı çətinliklər barədə də danışıb.
Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri də nəzərdən keçiriblər.