QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəddə vəzifəli şəxslər üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulur.

Layihəyə əsasən, məmurlar dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən, eləcə də digər maddi-texniki avadanlıqlardan şəxsi maraqlar və xidməti vəzifələrlə bağlı olmayan məqsədlər üçün yararlana bilməyəcəklər. Bu qayda xidməti avtomobillərdən istifadəyə də şamil olunur.

Sənəddə vəzifəli şəxslərin gəlirləri ilə bağlı da qaydalar müəyyənləşdirilib. Onlar vergidən azad edilmiş və ya güzəştli vergi rejiminin tətbiq olunduğu ərazilərdə, həmçinin “Kraudfanding haqqında” qanunda qeyd edilən dövlət və ərazilərdə yerləşən və ya qeydiyyatdan keçən emitentlərin qiymətli kağızlarından gəlir əldə edə bilməyəcəklər.

Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, vəzifəli şəxslərin birbaşa, başqa şəxslər və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olması da qadağan edilir. Bununla belə, xidməti vəzifələrlə əlaqəsi olmayan və sahibkarlıq fəaliyyəti sayılmayan əmanət, qiymətli kağız, renta, royalti və icarədən qanunvericiliyə uyğun gəlir götürməyə icazə verilir.

Vəzifəli şəxslər xidməti fəaliyyət zamanı əldə etdikləri, ictimaiyyətə açıqlanmayan insayder məlumatlarından qiymətli kağızların alqı-satqısında və ya digər ticarət əməliyyatlarında istifadə edə bilməzlər. Belə məlumatlardan maddi və başqa nemət, üstünlük və ya güzəşt qazanmağa yönələn fəaliyyət üçün yararlanmaq da yolverilməzdir.

Dövlətin və ya bələdiyyənin nümayəndəsi kimi iştirak halları istisna olmaqla, vəzifəli şəxslərin sahibkarlıq subyektlərinin idarəetmə orqanlarında, direktorlar və ya müşahidə şuralarında, eləcə də təftiş komissiyası və audit komitələrində yer alması və həmin qurumları təmsil etməsi nəzərdə tutulan qadağalar sırasındadır.

Layihə müzakirələrdən sonra səsə qoyulub və birinci oxunuşda qəbul edilib.