QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüş keçirib.

Tərəflər Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq əlaqələrinin dini sahədə əməkdaşlığa təsirini, eləcə də aidiyyəti dövlət qurumları arasında münasibətlərin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Ramin Məmmədov Azərbaycandakı dövlət-din münasibətlərinin qurulma modelindən, dini etiqad azadlığının qorunmasından, konfessiyalara göstərilən dəstəkdən və ölkədəki tolerantlıq mühitindən danışıb. O, Gürcü icmasının dövlət qayğısı ilə əhatə olunduğunu, dini ibadət yerlərində bərpa və təmir işlərinin görüldüyünü, dini bayramların qeyd edilməsi üçün şərait yaradıldığını bildirib.

Komitə sədri, həmçinin qurumun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Gürcüstanda təşkil etdiyi iftarların iki xalq arasında dostluq, qarşılıqlı hörmət və anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Zaza Vaşakmadze Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsaslarla tənzimlənməsi üçün görülən işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkədə dini sahəni tənzimləyən qanunvericilik bazası və mexanizmlər Gürcüstan üçün də maraqlıdır; bu istiqamətdə tərəfdaşlığın artırılması əhəmiyyət daşıyır.

Görüşdə dini sahədə Azərbaycan-Gürcüstan əlaqələrinin davamlı inkişafının vacibliyi vurğulanıb. Qarşılıqlı səfərlərin artırılması və mövcud imkanlardan səmərəli yararlanmaq məsələləri də nəzərdən keçirilib.