QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Serbiya prokurorluğu Belqradın meri Aleksandar Şapiç barədə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə tərtib olunan ittiham aktını məhkəməyə təqdim edib.
Prokurorluq Şapiçin üç il müddətinə azadlıqdan məhrum edilməsini, eləcə də zərərçəkmiş qadına yaxınlaşmaq və onunla əlaqə saxlamaq hüququnun məhdudlaşdırılmasını istəyib.
İttiham tərəfinin iddiasına əsasən, hadisə 2026-cı il sentyabrın 28-də Yeni Belqradda baş verən qısa mübahisədən sonra yaşanıb. Təqsirləndirilən şəxsin T.M.-nin sağ qolundan tutduğu, daha sonra yumruqla onun üzünə zərbə vurduğu bildirilir. Qadının burun sümüyü və üst çənə sümüyünün bir hissəsi sınıb, boyun nahiyəsindən və sağ qolundan da xəsarətlər alıb. Prokurorluq bu xəsarətlərin birlikdə sağlamlığa ağır zərər vurması kimi qiymətləndirildiyini açıqlayıb.
Serbiya KİV-lərinin yazdığına görə, zərərçəkmiş Tatyana Miçiçdir. O, müxalifət hərəkatlarından birini təmsil edən bələdiyyə deputatıdır və şəhər rəhbərliyinin qərarlarını mütəmadi tənqid edib.