QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İraqın cənubundakı Bəsrə əyalətində elektrik stansiyasına qaz ötürən kəmərin partlaması azı 4 nəfərin ölümünə, təxminən 35 nəfərin isə müxtəlif dərəcəli xəsarət almasına səbəb olub.
Əyalət qubernatorunun müavini Mahir əl-Amiri hadisənin səhər saatlarında baş verdiyini bildirib. Qəzanın səbəb və şəraitinin araşdırılması üçün xüsusi istintaq komissiyası yaradılıb.
İraqın elektrik enerjisi naziri Əli Vahib hadisədən sonra təcili iclas keçirib. O, stansiyada dəymiş ziyanın aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tapşırıb.
Nazir vətəndaşların və işçilərin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb. O, təhlükəsizlik qaydalarının gücləndirilməsi, partlayışın səbəblərinin müəyyənləşdirilməsi və enerji sisteminin fasiləsiz işləməsinin təmin olunması ilə bağlı göstəriş verib.