QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Xurşudbanu Natəvan küçəsi yaxınlığındakı Şamlıq ərazisində çox sayda ağac quruyub, aşıb və yanaraq məhv olub.
Vaxtilə sıx yaşıllığı ilə seçilən sahədə indi qurumuş və yerə düşmüş ağaclar gözə çarpır. Ərazidəki ağacların vəziyyəti ilə bağlı görüntülər dəfələrlə mediada və sosial şəbəkələrdə paylaşılsa da, sakinləri onların götürülməməsi və yerində yeni ağacların əkilməməsi narahat edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin müraciətindən sonra Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşları əraziyə baxış keçirib. Ağacların quruma səbəbini araşdırmaq üçün torpaq nümunələri götürülüb və laborator analizlər aparılıb. Nəticələr onların xəstəlik səbəbindən quruduğunu göstərib.
Nazirliyin açıqlamasında bildirilib ki, ağaclar nişanlanıb. Hər götürülən ağacın əvəzinə yerli iqlimə uyğun ting əkilməsi şərti ilə qurumuş ağacların kəsilməsinə müsbət rəy veriləcək. Qurumuş və aşmış ağacların ərazidən çıxarılması torpaq mülkiyyətçisinin öhdəsindədir.
Binəqədi Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, aidiyyəti qurumların baxışı zamanı ağacların xəstəlik səbəbindən quruduğu və kökündən çıxdığı müəyyən edilib. Bakı Şəhər Yaşıllaşdırma Departamentinin sahədə mövsümə uyğun aqrotexniki qulluq göstərdiyi bildirilib.
İcra hakimiyyətinin məlumatına əsasən, qurumuş və kökündən çıxmış ağaclar mərhələli şəkildə ərazidən götürülüb. Ağacların dibində yad maddə aşkar edilmədiyi də vurğulanıb.